Hz. İbrahimin dinini təbliğ etməsi

Hər peyğəmbər öz qövmünə Allah`ın əmr və qadağalarını bildirməklə vəzifələndirilir. Nuh qövmünə göndərilən Hz.Nuh, Səmud qövmünə göndərilən Hz.Saleh, Lut qövmünə göndərilən Hz.Lut, Mədyən xalqına göndərilən Hz.Şüeyb, İsrailoğullarına göndərilən Hz.Musa, Hz.İsa və digər bütün peyğəmbərlər Allah`ın mütləq varlığını insanlara anlatmış, onları din əxlaqını yaşamağa çağırmışlar. Ancaq Allah`ın peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi bu xoşbəxt insanlar bəzən öz qövmlərinin böyük hissəsinin inkarı ilə qarşılaşmışdılar. Allah`ın dinini qəbul etmək istəməyən bu inkarçılar sadəcə onlara göndərilən peyğəmbərləri rədd etməklə kifayətlənməmiş, eyni zamanda onlara qarşı çoxcəhətli bir mücadiləyə girişmişdilər. Onlara gələn elçiləri çirkin iftiralarla, təhdid və hücumlarla əngəlləməyə çalışmışdılar. Hətta Allah`ın insanlara hidayət rəhbəri olaraq seçdiyi bu dəyərli insanları yurdlarından sürgün etməyə, tutmağa, öldürməyə çalışmışdılar. Allah "Ənfal" surəsində inkarçıların Peyğəmbərimiz Hz.Məhəmmədə (s.ə.v.) qurduğu tələlərdə müvəffəq olmadıqlarını bu şəkildə xəbər verir:


"Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!" ("Ənfal" surəsi, 30).


Kitabın ilk bölümündə də bildirdiyimiz kimi, Hz.İbrahimin qövmü özləri düzəltdikləri daşdan və taxtadan heykəllərə, bütlərə boyun əyir, sadəcə onlara dua edirdi. Atalarından gələn bu azğın inanca kor-koranə bağlanmışdılar. Hz.İbrahim isə bu qövmə təkbaşına Allah`ın varlığını və birliyini başa salacaq güclü bir imana malikdi.


Tarix boyunca bir çox cəmiyyətdə "çoxluq" üstünlük mənasına gəlir. Bir cəmiyyətdə çoxluğun düşüncə və inancı hansı yöndədirsə, o düşüncə və inanc çox zaman doğru qəbul edilmişdir. Cahilliyə cəmiyyətlərində əksəriyyətə qarşı çıxmaq çətindir. Çox insan əksəriyyətin təzyiqi altında əzilir və səhv olduğunu bildiyi halda bir çox düşüncə və plana boyun əyir. Ancaq peyğəmbərlər və onları izləyən saleh möminlər belə deyillər. Onlar çox böyük cəmiyyətlərə qəti şəkildə qarşı çıxa bilmişdilər. Toplumlarından gördükləri təzyiq, hədə-qorxu və ya hücumlar qarşısında böyük bir cəsarət nümunəsi sərgiləyərək Allah`ın dininə sədaqət göstərmiş, ibadətlərini və Rəbbimizin əmrlərini dəqiqliklə yerinə yetirmişlər. Bunun səbəbi isə həmişə sadəcə Allah`dan qorxmaları və Ona arxalanmalarıdır.


Hz.İbrahim də bütün bütpərəst qövmünü təkbaşına qarşısına almışdı. Rəbbimizin "İbrahim özü bir ümmət idi..." ("Nəhl" surəsi, 120) şəklində təriflədiyi Hz.İbrahimin qarşısına aldığı adamların arasında öz atası da vardı. O, əlləri ilə yonduqları daş və taxta parçalarından ibarət olan bütlərin heç bir zaman tanrılıq vəsfinə sahib olmayacağını, yeganə tanrının Allah olduğunu səbrlə izah etmişdi. Bütün cəmiyyətə bu şəkildə qarşı çıxaraq dinlərinin batil olduğunu anlatması və düşmənçilik göstərən insanlarla gözəl bir şəkildə mücadilə etməsi Hz.İbrahimin Allah`a olan güclü imanını, təvəkkülünü, təslimiyyətini, səmimiyyətini və üstün xarakterini bütün açıqlığı ilə gözümüz önünə gətirir. Hz.İbrahim Allah`a olan güclü imanı sayəsində cəsur və qətiyyətli bir adamdır. Onun cəsur xarakteri qövmünə söylədiyi bu sözlərdən açıqca görünür:


"Tayfası onunla mübahisəyə girişdi. İbrahim dedi: "Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz? Allah`ın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir?" ("Ənam" surəsi, 80-81).


Hz.İbrahimin qövmünə apardığı təbliğatdan onun Allah`a olan dərin və coşğun imanının çox gözəl nümunələri görünür. Hz.İbrahim Rəbbimizin ona verdiyi üstün davranış və hikmət sayəsində son dərəcə təsirli söhbətlər etmiş, çox hikmətli mİsallar vermişdir. Əgər hikmət gözü ilə dəyərləndirilirsə, müsəlman bu təbliğat üsullarından çağdaş dövrdə də istifadə etmək, insanları Allah`a iman gətirməyə Hz.İbrahimin üsulları ilə dəvət etmək olar. Bu səbəblə sonrakı səhifələrdə Hz.İbrahimin təbliğindəki hikmətli açıqlamalarından bəzilərini incələyəcəyik.

 

Hz.İbrahimin atasına etdiyi təbliğ

Təbliğ etmək, yəni digər insanları bir və tək Allah`a iman gətirməyə dəvət etmək hər müsəlmanın üzərində olan vəzifələrdəndir. Bu barədə Quranda "yaxşılığı əmr edib pis işlərdən uzaqlaşdırmaq" şəklində ifadə edilir. Bu saleh əməlin də təməlində insanların "xəbərdar edilib qorxudulmaları", yəni Allah`ın bütün kainatı yoxdan var etdiyi, hər insanın Rəbbimiz qarşısında məsul olduğu və axirət günündə mütləq Allah`a hesab verəcəyi, dünya işlərinin əvəzini axirətdə görəcəyi kimi çox önəmli gerçəklərin bildirilməsi və xatırladılması lazımdır.
Ancaq bir adamı Quranda qəsd edilən mənada xəbərdar edib qorxuda biləcək olanlar sadəcə Allah`a səmimi şəkildə iman gətirən, Ondan daxilən bir hörmətlə qorxub çəkinən ixlas sahibi müsəlmanlardır. Allah onlara doğrunu səhvdən ayırma gücü, hikmət və ağıl vermişdir. Haqqında danışılan adamın xarakterinə, ruh halına və həyata baxışına görə başa salınması, sözün ən gözəl şəkildə söylənməsi, qarşı tərəfin verdiyi əks-təsirlərin çox yaxşı dəyərləndirilməsi və bu əks-təsirlərə görə yeni üsullardan istifadə edilməsi lazımdır. Bu adama təbliğ etmək üçün ciddi bir çalışma lazım olarkən bütün cəmiyyəti xəbərdar etmək və hətta Quranda bəhs edildiyi kimi, "ataları xəbərdar edilməmiş qövmlərə", yəni din əxlaqından uzaq həyat sürən, bilgisiz xalqa dini anlatmaq olduqca ağır bir vəzifədir. Allah bir ayəsində təbliğin "hikmətlə və gözəl nəsihətlə" edilməsini belə əmr edir:


“İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" ("Nəhl" surəsi, 125).


Hər müsəlman Allah`ın varlığını və Quran əxlaqının mütləq digər insanlara da anladıb tövsiyə etmək vəzifəsini daşıyır. Allah Quranda bunun üsullarını da öyrətmişdir. Quran ayələrində iman gətirənlərin öncəliklə yaxınlarını Allah`a və axirət gününə iman gətirməyə dəvət etmələrinin lazımlılığı bildirilir. Rəbbimiz Öz ayələrində bu şəkildə buyurur:


"Elə isə çəkin, Allah`la yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan! Və ən yaxın qohumlarını qorxut!" ("Şuəra" surəsi, 213-214).


Hz.İbrahimin atasına etdiyi təbliğ buna nümunədir. Hz.İbrahim atasına bütlərə sitayişin Allah`a şirk qoşmaq mənasına gəldiyini və insanın bir tək Allah`a qulluq etməsinin vacibliyini çox hikmətli bir şəkildə izah etmişdi.


Allah Quranda Hz.İbrahimin atası Azərə etdiyi təbliği bu ayələrlə anladır:


"Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!"" ("Ənam" surəsi, 74).


"O, bir zaman atasına belə demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım!" ("Məryəm" surəsi, 42-43).


Hz.İbrahimin atasına etdiyi təbliğdə iman gətirənlərin nümunə götürməsi lazım olan ən önəmli amillərdən biri inkarçı insan nə qədər təkəbbürlü və mürtəce olursa olsun, Allah`ın əmr və tövsiyələrini ona anladarkən səbrli davranılmasının və gözəl izahat verilməsinin lazımlılığıdır.


Hz.İbrahimin bu davranışı eynilə Hz.Musanın Firona təbliğindəki davranışı kimidir. Hz.Musa da Allah`ın "Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!" ("Taha" surəsi, 44) əmri ilə Firona təbliğ edərkən yumşaq bir üslub işlətmişdi.
Hz.İbrahimin atasına etdiyi təbliği və atasının verdiyi qarşılığı Allah ayələrdə belə xəbər verir:


"Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana çox asi olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan!" (Atası Azər İbrahimə) dedi: "Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər onlara qarşı pis hərəkətlərinə son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!" İbrahim belə cavab verdi: "Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır. Mən sizi və sizin Allah`dan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım"" ("Məryəm" sursi, 44-48).


Hz.İbrahimlə atası arasında olan bu söhbətlərin bəziləri üçün çox önəmli hikməti var. Hz.İbrahimin artıq dərəcədə cəsur və təvəkküllü hərəkəti diqqətçəkicidir. Hz.İbrahim ölüm bahasına da olsa Allah`ın əmrini yerinə yetirmiş və atasını hidayətə dəvət etmişdir. Atasının sevgisini, yardımını, imkanlarını itirməyi nəzərə almış, onun hədə-qorxularına əhəmiyyət verməmiş və ona "məndən uzaqlaş, get" deməsinə baxmayaraq çox böyük bir təvəkkül və səbr göstərmişdir. Allah`ın ona kömək edəcəyini və doğru yolu göstərəcəyini bilmiş, bunun verdiyi rahatlıq və əminlik içində hərəkət etmişdir. Yaşadığı evdən haqsız yerə uzaqlaşdırılmasından sonra dərhal Allah`a dua etməsi və Onun duasını qəbul edəcəyinə güvənməsi bir müsəlmanın sahib olması lazım gələn nümunəvi təvəkkül və ixlası göstərir. Bundan başqa, Hz.İbrahim ona qarşı bu qədər düşməncəsinə davranan atasına qarşı çox gözəl bir əxlaq göstərmiş, yumşaq üslubunu qorumuş və ona "əziz ata" deyə xitab etməkdə davam etmişdir. Bu, hər müsəlmanın dərs almalı olduğu çox üstün bir əxlaq nümunəsidir. O, atasına böyük bir şəfqətlə yaxınlaşmış, onu mütəvazi bir şəkildə hidayətə çağırmış, amma atası inkar etməkdə davam etdikdə Allah`a sığınıb atasından uzaqlaşmışdır. Hz.İbrahimin bu davranışı bir müsəlmanın digər insanlara baxışındakı yeganə ölçünün Allah`ın rizası olması, "Allah üçün sevmək və Allah üçün xoşlanmamaq" olması gərək olduğunu göstərir. Allah hər müsəlmanın sahib olmalı olduğu bu vəsfi ayələrdə belə xəbər verir:


"Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allah`a düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı. Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi" ("Tövbə" surəsi, 113-114).

Hz.İbrahimlə atası Azər arasındakı söhbətlərdə diqqəti çəkən digər bir məsələ Azərin öz dininə olan güclü bağlılığıdır. Belə ki, bu bağlılıq öz qanından olan və illərlə böyüdüb yanında saxladığı və özünə qarşı da son dərəcə hörmətlə davranan oğlunu ölümlə hədələməsinə qədər çatmışdı. Hz.İbrahimin Azər tərəfindən belə ağır bir şəkildə hədələnməsinin yeganə səbəbi onun yalnız Allah`a ibadət etməsi və qövmünün şirk dinini rədd etməsidir. Azər oğlu Hz.İbrahimi "daş-qalaq etməklə" hədələyəcək qədər azğınlaşmışdır. Bu vəziyyət inkarçıların zalım xarakterinin bir nümunəsidir.