Hz. İbrahimin və oğlunun qurban imtahanı

Allah`ın Hz.İbrahim qissəsində xəbər verdiyi hadisələrdən biri də qurban hadisəsidir. Hz.İbrahimin və oğlu Hz.İsmayılın başından keçən bu sınamanı Rəbbimiz ayələrdə bu şəkildə xəbər verir:

 


"Biz də ona həlim xasiyyətli bir oğlan uşağı ilə müjdə verdik. O, yüyürüb qaçmaq çağına çatdıqda dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə fikirləşirsən!" O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!" Onların hər ikisi təslim olduğu və üzüüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: "Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin!" Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan indi. Biz ona böyük bir qurbanlıq əvəz verdik" ("Saffat" surəsi, 101-107).


Allah yuxarıdakı ayələrdə Hz.İbrahimi necə bir sınaqdan keçirdiyini bizlərə xəbər verir. İslam alimləri də bu ayələri ümumiyyətlə eyni şəkildə təsvir edirlər. Məsələn, Əlmalılı Həmdi Yazır Qurani-Kərim təfsirində Hz.İbrahimin yuxusunda gördüklərinin bir vəhy, bu vəhyin yerinə yetirilməsinin isə bir əmr olduğunu bildirir. Ayələrin davamını isə bu şəkildə açıqlayır:

"...Bu səbəbdən ona məcbur etdirməyib, əvvəlcə yerinə yetirilmə şəklini məsləhət etmək üzrə bu fikrini soruşaraq təbliğ etdi ki, bununla ilk öncə onun itaət və boyun əyməklə əcr və savab qazanmasını təmin etmək istədi. Düşünməli, bunu söylərkən "Ey övladım!" deyə çağıran bir atanın qəlbində nə yüksək bir şəfqət duyğusu çırpınır və ona nə qədər böyük bir vəzifə eşqi, Allah sevgisi hakim olurdu... Bunun belə ilahi bir əmr olduğunu anlayan və Allah`ın səbr edənlərlə bərabər olduğunu bilən o yumşaq xasiyyətli oğul "Ey ata!" dedi, "Nə əmr olunursan et! Məni inşallah səbr edənlərdən görəcəksən".


Ömər Nəsuhi Bilmənin təfsirində Hz.İbrahimin və oğlunun başına gələn bu imtahan aşağıdakı kimi izah edilir:

"Həzrəti İbrahim də, oğlu da Allah-Təalanın əmrinə itaət edib təslimiyyət göstərdilər və İbrahim əleyhissəlam (alnının bir yanı üstünə yatırdı) onu kəsmək üçün elə bir vəziyyətə gətirdi... Onun rəhmani bir yuxu olduğunu anlayaraq əmr olunduğu vəzifəni eləməyə əzm etdin, səbrin, əmri ilahiyə itaətin təzahür etmiş oldu. Artıq Haqq Təala lütf etmiş, o, oğlunun yerinə bir qurban heyvanın kəsilməsini əmr etmiş, Həzrəti İbrahimi elə bir fədakarlıqdan qurtarmışdı".


Ayə və təfsirlərdən Hz.İbrahim və oğlu Hz.İsmayılın Allah`a olan qəlbdən itaəti, təslimiyyəti və könüldən bağlılığı açıq bir şəkildə anlaşılır. Bu üstün əxlaq bütün möminlərə çox gözəl bir nümunə, misli-bərabəri olmayan bir rəhbərdir. Bu səbəblə bütün iman edənlər onların yolu ilə getməli və Allah`ın ayələrini tətbiq etməkdəki tələbkarlıqları ilə, zülmə və sıxıntılara təslim olmaması ilə, səbrli və təvəkküllü adam kimi tanınmalıdır. Allah "Səffat" surəsinin davamında belə deyir:

"Sonradan gələnlər arasında onun üçün yaxşı ad qoyduq. İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!" ("Saffat" surəsi, 108-111).