Hz. İbrahimin Kəbəni inşa etməsi

Allah Quranda Hz.İbrahimin Hz.İsmayılla birlikdə Kəbəni inşa etdiyini bildirir. Ərəbistanın Məkkə şəhərində olan Kəbə insanların sadəcə Allah`a ibadət etmək üçün istifadə edəcəkləri bir məkan kimi inşa olunan ilk binadır. Allah "insanlar üçün ilk qurulan ev" olan Kəbədə "Hz.İbrahimin məqamı"nın olduğunun belə bildirir:


"Həqiqətən, insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə özünə zülm etmiş olar. Əlbəttə, Allah aləmlərə möhtac deyildir!" ("Ali-İmran" surəsi, 96-97).


Hz.İbrahim Allah`ın ona verdiyi Kəbəni inşa etmək vəzifəsini oğlu Hz.İsmayılla birlikdə yerinə yetirmişdi. Allah Quranda bu mövzuda Hz.İbrahimə belə vəhy etdiyini bildirir:


"Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün təmizlə!" Insanları həccə çağır ki, onlar sənin yanına piyada və hər uzaq yoldan yollanan hər cür arıq dəvələr üstündə gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allah`ın onlara ruzi verdiyi heyvanların üstündə Onun adını çəksinlər. Onlardan özünüz də yeyin, biçarə yoxsula da yedirdin!" ("Həcc" surəsi, 26-28).


Allah Hz.İbrahimə Kəbənin təmizlənməsini əmr etmişdi. Bu, fiziki bir təmizlik ola biləcəyi kimi mənəvi mənada da bir təmizlik ola bilər. Bu səbəblə bu ayə ilə Allah Kəbənin həm fiziki, həm də mənəvi mənada (şirkdən və Allah`dan başqalarına sitayiş edən müşriklərin kirindən) təmizlənməsini əmr etmişdi. Allah digər ayədə Hz.İbrahimlə Hz.İsmayılın Kəbəni inşa etmək vəzifəsini belə bildirir:


"Onu da yadına sal ki, İbrahim və İsmail evin bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! Bizdən qəbul et, Sən, doğrudan da, eşidənsən, bilənsən!" - deyə dua etdilər" ("Bəqərə" surəsi, 127).


Hz.İbrahim və Hz.İsmayıl Kəbəni inşa edərkən, yəni əməli bir iş və ibadət edərkən Rəbbimizə davamlı olaraq dua etmişdilər. Peyğəmbərlərin bu gözəl xüsusiyyətindən ibrət dərsi alaraq Allah`a hər mövzuda dua edə, bir iş edərkən də Allah`dan yardım diləyə, Onu zikr və təsbih edib ucalda bilərik. Çünki Allah insanın gizlininin gizlinini bilən, onu hər an eşidən, görən və hər etdiyindən xəbərdar olandır. Möminlər Allah`ın bütün dualarına icabət edəcəyini bilir və dua etməyi Allah`a yaxınlaşmaq üçün bir vəsilə sayırlar. Bir çox hallarda bəzi insanlar sadəcə müəyyən zamanlarda, müəyyən yerlərdə dua edə biləcəklərini zənn edərək duanı müəyyən bir şəkilə salmağa çalışır. Halbuki peyğəmbərlərin Quranda xəbər verilən duaları da bizə göstərir ki, mömin bir iş edərkən də, yatarkən də, oturarkən də Allah`a daxilən dua edə, hər zaman Allah`a yönələ bilir. Bunun üçün heç bir qanun yoxdur. İnsan hər an Allah`a yönələ bilir, hər an Onu qəlbən xatırlayıb ən gözəl ismləri ilə Rəbbimizi yüksəldə bilir.


Hz.İbrahimlə Hz.İsmayıl da Kəbəni inşa edərkən etdikləri dualarının sonunda Allah`ı yüksəltmişdilər. Hər iki peyğəmbər Allah`dan eşitdiyini dilə gətirib Allah`ı öymüşdü. Bu da göstərir ki, dua sırasında da Allah`ı sifətləri ilə anmaq və Ona bu sifətlərlə dua etmək məqbuldur. Necə ki, Allah bir ayəsində belə buyurur:


"Ən gözəl adlar Allah`ındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!" ("Əraf" surəsi, 180).

Peyğəmbərlər kimi möminlərin də Allah`ın böyüklüyünü, hər şeyi gördüyünü, eşitdiyini, hər şeyə güc verdiyini, hökm və hikmət sahibi olduğunu dilə gətirərək Allah`ı anması bir mömin əlamətidir. Quranda peyğəmbərlərin duaları ilə bağlı bir çox ayə möminlərin necə dua edəcəyinə yol göstərir.