Hz. İbrahimin nəsihət verdiyi inkarçı

Quranda Hz.İbrahimin insanları Allah`a iman gətirməyə dəvət edərkən qarşılaşdığı azğın bir hökmdardan danışılır. Tarixi qaynaqlarda "Nəmrud" kimi xatırlanan bu inkarçı ilə Hz.İbrahim arasında mühüm bir danışıq olmuşdur:


"Allah`ın verdiyi hökmranlıq üzündən İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür" - dediyi zaman, o: "Mən də həm dirildir, həm də öldürürəm" - demişdi..." ("Bəqərə" surəsi, 258).


Ayədə bildirildiyi kimi, mal-mülkü və iqtidarı ilə qürur duyan bu adam Hz.İbrahimlə çəkişməyə girərək özünün də yaratma vəsfinə sahib (Allah`ı tənzih edərik) ola biləcəyi kimi böyük və ağılsız bir iftiraya əl atmışdı. Mal-mülkü ilə öyünən bu adam özünü müqəddəsləşdirərək Allah`ı inkar edirdi. Təkəbbüründən Allah`ın bütün kainat üzərindəki güc və qüdrətini görmək istəmirdi.


İnkarçı adam - tarixi qaynaqlara görə, Nəmrud - ona Allah`ın varlığını və birliyini təbliğ edən Hz.İbrahimlə çəkişməyə girir. Allah`a qarşı çıxan bu adama Hz.İbrahimin verdiyi cavab isə son dərəcə hikmətli və mənalıdır:


"...Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" - dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz!" ("Bəqərə" surəsi, 258).


Allah`ın varlığını və qüdrətini insanlara izah edən peyğəmbərlər hər zaman bu nümunədəki kimi hikmətli söz və ibadətlərdən istifadə etmişlər. Allah`a olan səmimi imanları onların təbliğatını daha da gücləndirmiş, inkarçıların azğın nəzərləri bu şəkildə öz qüvvəsini itirmişdir. Özlərini doğru yolda zənn edən, mallarına, güclərinə və şirk qoşub inandıqları bütlərinə arxalanan inkarçılar isə iman gətirənlər qarşısında hər cəhətdən çarəsiz qalmışlar. Çünki Allah`ın mükəmməl yaradıcılığını və sonsuz gücünü izah edən iman sahibləri qarşısında batil inanclarını müdafiə etmələri mümkün deyildi. Onlar hər zaman məğlub olmağa, ayənin ifadəsi ilə desək, "donub qalmağa", cavabsız qalmağa məhkumdurlar.


Hz.İbrahimin verdiyi cavabda diqqəti cəlb edən digər bir məqam isə onun səmimiyyəti və təbiiliyidir. İçdən gələn, səmimi bir izah forması Allah`ın izni ilə həmişə insanların qəlblərinə və vicdanlarına təsir edir. Çünki Allah`ın varlığı açıq-aydındır və mömin bu həqiqəti içindən gəldiyi kimi təbii bir üslubla izah edir. Ancaq bu təbliğ qarşısında təsirlənsələr belə insanların bir hissəsi şeytanın təsirinə qapılaraq inkar etməkdə davam edirlər. Ümumiyyətlə, dindən uzaq yaşayan bu insanlar Hz.İbrahimlə mübahisə edən adam kimi zənginliyin, gözəlliyin və ya mövqenin öz səylərinin nəticəsi olduğunu düşünərək təkəbbür göstərir, lovğalanırlar. Özlərinə haqsız yerə bir üstünlük verərək Allah`ın böyüklüyünü unudurlar. Şeytan onları malik olduqları güc və iqtidardan istifadə edərək təkəbbürlü olmağa sürükləyir. Bu şəkildə Allah`a qulluq etmələrini əngəlləmək istəyir.


Möminlər də təbliğ edərkən bir çox insanlarla qarşılaşırlar. Bunların çoxu təkəbbür göstərərək Allah`ın gücünü və qüdrətini tam görə bilmir. Bu halda müsəlmanların etməli olduğu işlərdən biri Hz.İbrahim kimi onların təkəbbürünü ortadan qaldıracaq, Allah`ın qarşısında nə qədər aciz olduqlarını hiss etdirəcək nümunələr verməkdir. Bunun nəticəsində inkarçı adam artıq təkəbbür göstərib lovğalanmasının, mal-mülkü ilə öyünməsinin Allah`ın gücü qarşısında heç bir əhəmiyyətinin olmadığını anlayacaq. Öz güc və qüdrətinin məhdud olduğunu, ölümü ilə birlikdə hər şeyin yox olacağını, Allah`ın isə yeganə mütləq güc olduğunu vicdanı ilə hiss edəcəkdir.


Hz.İbrahimin onunla mübahisə edən adama qarşı istifadə etdiyi izah tərzi təbliğdə ağıllı, hikmətli və nəticəyə təsir edə biləcək söhbətin nə qədər mühüm olduğunu da göstərir. Müsəlman heç bir zaman mübahisəyə söykənən və nəticəsi olmayan söhbətlərə girməməlidir. Əksinə, hər zaman üçün qarşı tərəfin psixoloYi vəziyyətini və məntiqini təhlil edərək onun batil inanclarını ortadan qaldıracaq, ona Allah`ın varlığını göstərəcək təsirli və məntiqli izahlardan istifadə etməlidir. Bu təsirli və hikmətli izah tərzinə isə ancaq imanda dərinləşmiş, Allah`ın ayələrini dəqiqliyi ilə həyata keçirən və Allah`dan çox qorxan insanların sahib ola biləcəkləri açıq-aydın məsələdir. Çünki hikmət Allah`ın bir lütfüdür və onu Allah`dan istəmək gərəkdir.

Allah bir ayədə "Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir..." ("Bəqərə" surəsi, 269) şəklində buyuraraq bu sirri bizlərə xəbər verir.