Hz. İbrahimin təbliğatındakı hikmətlər

Doğru olanları insanlara sorğu-sual yolu ilə göstərmək

Hz.İbrahim şirk qoşan qövmünə sitayiş etdikləri bütlərin heç bir şeyə gücünün çatmayacağını sual verməklə onları düşündürmüşdü:


"...Elə isə Allah`ı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz?" ("Ənbiyə" surəsi, 66).


Sual vermək insanların öz məntiqlərindən istifadə edərək içinə düşdükləri vəziyyəti görməyinə şərait yaradır. Bu çox önəmli bir təbliğat metodudur. Allah`ı inkar edən insanlar səmimi və hikmətli suallar qarşısında çox böyük bir çətinliyə düşərlər. Çünki Allah`ın varlığı açıq dəlillərlə ortadadır. Allah`ın dinindən üz çevirərək və Allah`ı unudaraq bir həyat qurmağın böyük bir aldanış olacağı aydındır. Ağıl və vicdan sahibi olan insanlar Allah`ın sonsuz güc və qüdrətini anlayar, Onun hər şeyə gücünün çatdığını, sonsuz elm və hikmət sahibi olduğunu bilir və bütün həyatlarını Allah`ın rizası üzərində qururlar. Şeytanın təsiri ilə bu gerçəklikləri düşünməyən qafil insanları oyandırmanın təsirli yolu isə onları bu qəflət yuxusundan oyandıracaq, gözlərini açacaq suallar verməkdir. Allah Quranın bir çox ayəsində insanları müxtəlif suallarla düşünməyə dəvət edir:


"Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı edərdik. Elə isə niyə şükr etmirsiniz? Bəs yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? Biz onu ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. Belə olduqda sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!" ("Vaqiə" surəsi, 68-74).


Möminlər din əxlaqını anladarkən qarşılarındakı adamın vəziyyətinə, şüurunun açıqlığına və vicdanlı davranıb-davranmamasına görə bir çox metodları sınaqdan çıxara bilərlər. Əgər təbliğ edilən adam Allah`ın ayələrinə qarşı duyğulu, vicdanı açıq bir adamdırsa, Allah`ın izniylə onun din əxlaqını qavraması çox asan olur. Fəqət, Hz.İbrahimin qarşısındakılar kimi təkəbbürlü və zalım bir cəmiyyətdirsə, bu halda onları bu şəkildə "oyandırmaq", qəflət halından çıxarmaq, fikrən sarsıtmaq lazımdır. Belə insanlar təkübbürü üzündən doğrunu görməyəcək, görsə də qəbul etməyəcək bir şüursuzluq içindədir. İnadla öz inanclarının doğruluğunu müdafiə edir və fərqli bir fikri dinləməyə hətta razılıq da vermirlər. Belə bir vəziyyətdə qarşı tərəfin müdafiə etdiyi fikri darmadağın etmək üçün o adama suallar vermək ən hikmətli və ən tez nəticə verəcək üslublardan biridir. Beləcə, adam öz müdafiə etdiyi azğın inancında ziddiyyətə düşəcək. Və öz ağılsızlığına, batil və azğın bir inanca necə girdiyinə xüsusilə özü şahid olacaqdır.


Sual verməyin digər bir önəmi də qarşı tərəfin anladılanlar üzərində düşünməkdən qaçmasını əngəlləməkdir. Çünki insan Quranda bildirildiyi kimi, höcətə və mübahisəyə meylli bir varlıqdır. Yəni fərqli bir fikrin anladılmasının müqabilində bir çox adam ümumiyyətlə əks hücuma keçib öz fikrini müdafiə etməyə çalışacaq. Bu nəticəsiz çəkişməni əngəlləməyin bir üsulu sual verməklə və beləcə adamın öz fikrini soruşmağa yönəltməkdir. Şeytan insanların Allah`ın, axirət gününün, cənnət və cəhənnəmin varlığı kimi önəmli mövzular üzərində düşünməsini əngəlləmək istədiyindən onları daim gerçəklərdən qaçacaqları bir davranışa yönəltməyə çalışır. Sual metodundan bu tipli adamlara qarşı istifadə oluna və sözügedən adamların Allah`ın varlığı, dünya həyatının məqsədi, ölümdən sonra nələrin olacağı, hesab günü kimi daha öncə bəlkə də heç düşünmədikləri gerçəklər üzərində düşünməsi təmin edilə bilər.

 

Təbliğdə cəsur və açıq danışan olmağın əhəmiyyəti

Hz.İbrahim Allah`ın hidayət verdiyi və insanları iman etməyə çağırmaqla vəzifələndirdiyi müqəddəs bir elçidir. O, hər elçi kimi insanları doğru yola, Allah`ın rizasını qazanmağa, axirət üçün yaşamağa və gözəl əxlaqlı olmağa çağırmışdır.


Elçilərin bu dəvətlər zamanı istifadə etdiyi metodlar, mövzuları izah etmə formaları, üslubları hər müsəlmana nümunə olmalı, hər müsəlman insanları din əxlaqına dəvət edərkən bu mübarək insanlar kimi danışmalı və davranmalıdır.


Peyğəmbərlərin Allah`a iman etməyə və daha öncəki azğın inanclarını tərk etməyə dəvət etdiyi cəmiyyətlər ümumiyyətlə söz anlamayan azğın insanlardan ibarət idi. Ancaq Rəbbimizin Peyğəmbərimizə (s.ə.v.) "Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi səbatlı ol. Onların nəfslərindən gələn istəklərə uyma və de: "Elə isə sən buna görə, dəvət et və əmr olunduğun kimi düzgün istiqamətə tabe ol..." ("Şura" surəsi, 15) ayəsi ilə də əmr etdiyi kimi, bütün elçilər təbliğlərində Allah`ın razı olacağı şəkildə davranmış və üstün bir əxlaq göstərmişlər. Hz.İbrahimin qarşısında da atalarının batil dininə son dərəcə bağlı olan höcət bir qövm vardır. Hz.İbrahim onlara şirk sisteminin sərsəmliyini göstərdiyi halda onunla mübahisəyə girmişdilər:


"Tayfası onunla mübahisəyə girişdi. İbrahim dedi: "Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz? Allah`ın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir" ("Ənam" surəsi, 80-83).


Hz.İbrahimin təbliğində ən diqqətçəkici cəhətlərdən biri də səmimiyyəti və açıq danışan olmasıdır. O, Allah`ın varlığını anladarkən adamların vicdanlarına yönəlik, təsirli söz söyləyir. Onları açıqca xəbərdar edir, sadəcə Allah`dan qorxmağa dəvət edir. Bu isə onlara və şirk qoşduqları bütlərinə qarşı nə cür cəsur, dəyanətli və qətiyyətli olduğunu göstərir. Hz.İbrahim qövmünün inancının azğınlığını, sarsaqlığını səmimi bir şəkildə anladır və bunu təsirli bir metodla ifadə edir. Bu, Allah`ın Quranda iman edənlərə bildirdiyi bir əmridir:


"Onlar elə şəxslərdir ki, Allah onların ürəklərindəkini bilir. Sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de!" ("Nİsa" surəsi, 63).


Qövmü ona qarşı çıxarkən Hz.İbrahimin Allah`a olan dərin imanından qaynaqlanan istəyi və qətiyyəti səmimi, ağıllı və vicdanlı bir insana təsir edəcək bir davranış üstünlüyüdür. Ancaq qövmü heç bir sözü anlamağa çalışmayan cahil bir cəmiyyət olduğu üçün Hz.İbrahim bundan sonra başqa metodları sınamışdır. Onların davakar və höcət üslublarına Allah`ın ayələrində də bildirdiyi kimi, ən gözəl şəkildə cavab vermişdir. Allah iman gətirənlərə bir ayədə bu şəkildə əmr edir:


"Əgər onlar səninlə mübahisə edərlərsə, belə de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allah`a təslim etmişəm". Kitab verilmiş şəxslərə və savadsızlara de: "Siz də təslim oldunuzmu?" Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq haqqı tətbiq etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!" ("Ali-İmran" surəsi, 20).

 

Planlı hərəkət etmək və ardıcıllıqla düşünmək

Əvvəlki fəsildə də üzərində durduğumuz kimi, Hz.İbrahim qövmünü Alaha iman gətirməyə dəvət edərkən hər cür planlar cızmış və çox fərqli metodları nəzərdən keçirmişdi. Bu metodların biri də mümkün təhlükələri və ala biləcəyi əks-təsirləri düşünərək əvvəlcədən müxtəlif tədbirlər görməkdir. Quranda peyğəmbərlərin Allah`ın vücudca və elmcə dəstəklədiyi, üstün bir hikmət, anlayış və qavrayış qabiliyyəti verdiyi, Allah`ın ilhamı ilə çox ağıllı və təsirli tədbirlər görən, bəsirət sahibi qullar olması xəbər verilir. Bu üstün özəlliklər Hz.İbrahimdə də ən mükəmməl şəkildə ortaya çıxır. Ona Allah`ın verdiyi məsuliyyəti ən gözəl şəkildə yerinə yetirmiş, insanları hidayət yoluna dəvət etmək üçün əlindəki bütün imkanlardan sona qədər istifadə etmişdir.


Hz.İbrahimin qarşısında çox basırıq bir cəmiyyət vardı. Üstəlik bu cəmiyyət onu öldürməklə, daş-qalaq etməklə və yurdundan qovmaqla hədələməkdədir. Hz.İbrahim isə ona qarşı hər cür tələ qurmağa çalışan bu müşrikləri mütləq yanından uzaqlaşdırmaq istəyir. Bunun üçün də onlara "xəstəyəm" demişdir:


"Həmin vaxt o, atasına və tayfasına belə demişdi: "Siz nəyə ibadət edirsiniz? Allah`ı qoyub yalançı tanrılarımı istəyirsiniz? Aləmlərin Rəbbi barəsində zənniniz nədir?" İbrahim ulduzlara bir nəzər saldı. Və dedi: "Mən xəstəyəm!" Ondan üz çevirib getdilər" ("Saffat" surəsi, 85-90).


Hz.İbrahimin söylədiyi sözlə inkarçıları yanından uzaqlaşdırması son dərəcə hikmətli və ağıllı bir hərəkətdir. Çünki onun xəstə olduğunu eşidən adamlar özlərinə bir zərər gəlməsin deyə ondan uzaqlaşmış, beləcə Hz.İbrahimə bir zərər verə bilməmişlər. Bu şəkildə tək qalan Hz.İbrahim bütləri sındırmaq üçün də vaxt qazanmışdı. Əgər belə bir şey söyləməsəydi, inkarçı qövmü ondan ayrılmayacaq, o da bütləri sındırıb tələ hazırlamaq imkanı tapmayacaqdı. Hz.İbrahimin insanları şirk kimi bir günahdan təmizləmək üçün qurduğu bu incə plan onun Allah qorxusu, Allah sevgisi və iman gücü ilə hərəkət etməsinin ən gözəl nümunələrindəndir. Allah`ın ona verdiyi təbliğ vəzifəsini yerinə yetirmək üçün çox böyük bir cəsarət və qətiyyətlə, heç bir çətinlik qarşısında qorxmadan çalışmışdır. İnsanlardan heç bir əvəz gözləməmiş, pisliklərə yaxşılıqla cavab vermiş, bunları edərkən də sadəcə Allah`ın rizasını hədəfləmişdi.


Quranda "bir şeyi qüsurlu göstərərək zalımların əlindən qurtarma" ilə bağlı daha bir nümunə verilir. Bu nümunələrdən biri Hz.Musa ilə birlikdə səfərə çıxan Hz.Xızır hekayəsində yer alır. Ayələr bu şəkildədir:


"Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman onu deşdi. Musa dedi: "Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, günahı böyük bir şey etdin"" ("Kəhf" surəsi, 71).


"Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi" ("Kəhf" surəsi, 79).


Allah`ın xüsusi bir elmlə dəstəklədiyi mübarək bir qulu olan Hz.Xızırın gəmini deşməsində də çox böyük bir ağıl, bəsirət və uzaqgörənlik diqqəti çəkir. Ayələrdə Hz.Xızırın Allah`a güclü imanı, təvəkkülü, təslimiyyəti və daha bir çox özəlliyi ilə təriflənən, hər hərəkəti xeyir və hikmət üzrə olan bir qul olduğu bildirilir. Hz.Xızır bir gəmini deşmişdi və bunu edərkən çox önəmli bir neçə məqsədi vardı. İrəlidə bu gəmidəkilərə və gəmiyə zərər verəcək əzazil bir şah olduğunu bilir, mərhəməti ilə dərhal yoxsullara yardım etməyə qaçır. Onların sıxıntı içinə düşməsini, əzazil kimsələrdən zülm görməsini əngəlləmək istəmişdir. O səbəblə də yoxsulluq və ehtiyac içində olan bu insanları qorumaq üçün dərhal gəmilərində bir deşik açmış, beləcə gəmini nöqsanlı göstərərək zalımların əlindən qurtarmışdı. Bu arada gəmini uyğun ölçülərdə, təkrar təmir ediləndə asanca istifadə edilə biləcək şəkildə dağıtmışdı. Beləcə, gəmini görən adam onu qüsurlu zənn edəcək və istifadə etməkdən vaz keçəcəkdi. Ancaq möminlər əzazil adamların mallarını ələ keçirmə təhlükəsi ortadan qalxdıqdan sonra gəmini asanlıqla yenidən təmir edib istifadə edə biləcək hala gətirəcəkdilər.


Ayələrin davamında Hz.Xızırın Allah`ın əmrlərini tərəddüdsüz yerinə yetirən, mərhəmət və şəfqəti ilə diqqəti çəkən, iman edənlərə pərəstişi və yardımsevərliyi ilə tanınan, səbri və qətiyyəti ilə təriflənən hikmət sahibi bir qul olması anlaşılır (Müfəssəl məlumat üçün bax: ""Kəhf" surəsindən axır zamana işarətlər", Harun Yəhya).


Hz.İbrahim də inkarçı qövmlə mücadilə edərkən qurduğu bir plan üzrə qövmünün bir tanrı sayıb sitayiş etdiyi bütlərin hamısını sındırmış, yalnız birini salamat saxlamıhdı. Bunu görən insanlar Hz.İbrahimi bütləri sındırmaqda suçlamış və onu özlərinə görə cəzalandırmaq istəmişdi. Hz.İbrahimin inkarçılara qarşı hazırladığı plan - daha öncə də bildirdiyimiz kimi - burada ortaya çıxır:


"Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi" ("Ənbiya" surəsi, 63).


Hz.İbrahimin bu cavabı ilə daş və taxta bütlərin bütün kainatı idarə etməsinə, canlılar üzərində hakim olmasına inanan bütpərəst qövmü çox böyük bir dalana salmış, alçaltmış və o, heç bir cavab verə bilməmişdi. Çünki bu bütlərin heç bir gücü olmayan, cansız daş və taxta parçalarından heykəllər olması aşkar məsələdir. Bu açıq-aşkar gerçəyi qəbul etməkdən başqa çarələrinin olmaması ortadadır. Ancaq vicdanın və qəlbin inandığı bu gerçəkləri açıq şəkildə söyləyə bilməzlər. Bunun səbəblərindən biri isə Allah`ın Quranda da bildirdiyi kimi, "zülm və təkəbbürləri"dir ("Nəml" surəsi, 14).


Hz.İbrahimin təbliğində vurğulanacaq digər vacib məqam isə yeni bir izahata başlamazdan əvvəl qövmünün bütün səhv inanclarını tamamən ortadan qaldırmış olmasıdır. Allah Hz.İbrahimə çox böyük bir hikmət, üstün bir anlayış və təbliğ gücü vermişdir. O, öz qövmünü Allah`a iman gətirməyə dəvət edərkən ən hikmətli, ən təsirli və ən ağıllı üslubdan istifadə etmişdi. Allah`ın ilhamı ilə qövmünün azğın və yanlış dinini tamamən ortadan qaldırmış, şirk dininin nə qədər böyük bir səhv və azğınlıq olduğunu ən təsirli şəkildə ortaya qoymuşdu. Beləcə, Rəbbimizin insanlara xəbərdarlıq edən və xilaskar kimi göndərdiyi və aləmlərdən üstün tutduğu bu mübarək elçisi Allah`ın izni ilə batil bir anlayışın yerinə Allah`ın varlığına, Onun üstün güc və qüdrətinə iman etməyə söykənən, haqq olan bir görüş və düşüncə tərzi yerləşdirmişdi.

Hz.İbrahimin qövmünü Allah`ın vəhyi ilə hidayətə dəvət  edərkən əsas götürdüyü bu hikmətli yol bütün müsəlmanların din əxlaqını anladarkən nümunə ala biləcəkləri çox önəmli bir rəhbərdir. Hz.İbrahimin qövmünə etdiyi bu təbliğ bir cəmiyyəti Allah`a iman etməyə dəvət edərkən əvvəlcə o cəmiyyətin sahib olduğu bütpərəst dinin ziddiyyətlərini və çıxış yolunun olmadığını ortaya qoymağın son dərəcə hikmətli və təsirli bir yol olduğunu göstərir. Beləliklə, inancların çürük bir əsasa söykəndiyini görən insanların haqq dinin üstünlüyünü qavraması, Allah`ın bütün kainatı yoxdan yaratdığını, sonsuz güc və qüdrət sahibi olduğunu və bütün varlıqları əhatə etdiyini görə bilmələri - Allah`ın diləməsi ilə - daha asan olacaqdır.