Hz. İbrahimin duaları

Quranda peyğəmbərlərin dualarını xəbər verən bir çox ayə var. Bu dualar Allah`a yaxınlaşmaq istəyən müsəlmanlara çox hikmətli bir nümunədir. Peyğəmbərlərin səmimi və ixlaslı dualarını öyrənmək, bu duaları edən mübarək elçilərin üstün əxlaqlarını və mənəvi dərinliklərini anlamağa çalışmaq və Allah`a eyni səmimiyyətlə dua etmək insanın Allah`a olan yaxınlığının artmasında çox vacib bir yoldur.


Hz.İbrahimin Quran ayələrində xəbər verilən səmimi duaları da bütün müsəlmanlar üçün çox böyük hikmət daşıyır. İbrahim peyğəmbər Allah`ı "...Həqiqətən, Rəbbim duaları eşidəndir!" ("İbrahim" surəsi, 39) şəklində ucaltmış və qövmünə söylədiyi bu sözlərlə duanın əhəmiyyətinə diqqət çəkmişdi:


"Mən sizi və sizin Allah`dan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım" ("Məryəm" surəsi, 48).


Hz.İbrahim Allah`dan hökm və hikmət istəmiş, salehlərin arasına qatılmaq üçün belə dua etmişdi:

"Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur!" ("Şuəra" surəsi, 83).


Hz.İbrahim Allah`dan doğruluq dili istəmişdi:

"Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə!" ("Şuəra" surəsi, 84).


Hz.İbrahim axirət həyatı üçün belə dua etmişdi:

"Məni nemətlərlə bol cənnətlərinin varislərindən et! Atamı bağışla! Şübhəsiz ki, o, azanlardan oldu! Dirildiləcəyi gün məni zəlil etmə! O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam bir qəlblə Allah`ın hüzuruna gələn kimsədən başqa!"" ("Şuəra" surəsi, 85-89).


Hz.İbrahim Rəbbimizdən bu şəkildə bağışlanma diləmişdi:

"Ey Rəbbimiz! Bizi kafirlərin əlinə salma! Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən!"" ("Mümtəhinə" surəsi, 5).


"Ey Rəbbim! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla!" ("İbrahim" surəsi, 41).


Hz.İbrahim özündən sonra dini yüksək tutacaq saleh bir varis istəmişdi:

"Ey Rəbbim! Mənə salehlərdən olan bəxş et!" ("Saffat" surəsi, 100).


Hz.İbrahim öz nəsli üçün dua etmişdi:

"Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!" ("İbrahim" surəsi, 40).


"Ey Rəbbim! Bu diyarı əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!" ("İbrahim" surəsi, 35).


İçində olduğu şəhəri təhlükəsiz etməsini və inananların ruzilərini verməsi üçün Allah`a belə dua etmişdi:

"Yadına sal ki, İbrahim; "Ey Rəbbim, buranı bəladan asudə bir şəhər et, əhalisinin Allah`a və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!" - deyə dua etdikdə, O: "Kafir olanlara da bir qədər ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora nə fəna bir yerdir!" - deyə buyurdu" ("Bəqərə" surəsi, 126).


Bir iş görərkən Allah`ın bunu ondan qəbul etməsi üçün dua etmişdi:

"Onu da yadına sal ki, İbrahim və İsmail evin bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! Bizdən qəbul et, Sən, doğrudan da, eşidənsən, bilənsən!" - deyə dua etdilər" ("Bəqərə" surəsi, 127).


Allah`dan özünü və nəslini Ona təslim qılmasını, ibadət metodlarını göstərməsini, tövbələrini qəbul etməsini istəmişdi:

"Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar, nəslimizdən yetişənləri Sənə təslim olan ümmət et, bizə əməllərimizi göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!" ("Bəqərə" surəsi, 128).

"Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin, onları təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən"" ("Bəqərə" surəsi, 129).

Hz.İbrahim Allah`a səmimi bir qəlblə bağlıdır və axirət günündə də mütləq bilgi ilə iman etməkdədir. Bu səbəblə dualarındakı ixlası, səmimiyyəti, təslimiyyəti açıqca hiss edilir. Möminlər də Rəbbimizə dua edərkən özlərinə Hz.İbrahimin Allah`a olan dərin bağlılığını, səmimiyyətini və ixlasını nümunə götürməli, tək dost və köməkçi olaraq sadəcə Rəbbimizə yönəlməlidirlər.